“Azərbacanda uşaqlarla bağlı vəziyyət əhəmiyyətli dərəcədə yaxşılaşıb” – Edvard Karvardin  

16:07 23.12.2019 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

“Sizi BMT-nin Uşaq Fondunun (UNICEF) Azərbaycandakı Nümayəndəliyinin 2019-cu il üzrə yekun məlumat bülletenində salamlamaqdan məmnunam”.

Hafta.az yazır ki, bu fikirləri UNICEF-in ölkəmizdəki nümayəndəliyin rəhbəri Edvard Karvardin səsləndirib. O, deyib ki, UNICEF-in rəhbər prinsiplərini təşkil edən və tarixən ən çox dəstəklənən insan hüquqları üzrə universal sənəd sayılan Uşaq Hüquqları haqqında Konvensiyanın 30-cu ildönümü məhz bu il qeyd olunub.

“Konvensiya Azərbaycan tərəfindən ratifikasiya olunduqdan sonra, 27 il ərzində ölkədə uşaqlarla bağlı vəziyyət əhəmiyyətli dərəcədə yaxşılaşıb. Belə ki, ölkədə bu dövrdə Konvensiyanın prinsiplərini həyata keçirmək üçün çoxsaylı tədbirlər yerinə yetirilib. UNICEF olaraq biz ölkədə mövcud olan investisiya, dəstək və inklüzivlik imkanlarından hər bir uşağın bərabər səviyyədə faydalanmasına dəstək vermək öhdəliyinə sadiq qalmaqda davam edirik. Çox məmnunam ki, Azərbaycanda ölkənin indiki və gələcək uğurunun əsası hesab olunan uşaqlara göstərilən diqqət hökumət, vətəndaş cəmiyyəti, özəl sektor, beynəlxalq ictimaiyyət, həmçinin ayrı-ayrı icmalar və ailələr tərəfindən də dəstəklənir” deyən E.Karvardin bildirib ki, UNİCEF harada yaşamasından və vəziyyətindən asılı olmayaraq bütün uşaq və gəncləri əhatə etmək, onları erkən yaş dövründən ən yaxşı inkişaf, təhsil, səhiyyə və qidalanma, sosial xidmətlər, müdafiə, bacarıqların əldə olunması, iştiraketmə və cəlbolunma imkanları ilə təmin etmək əzmindədir.

“Biz 2021-ci ildən etibarən həyata keçiriləcək yeni Ölkə Proqramının işlənib hazırlanmasına son bir neçə ay ərzində başlamışıq. Əldə etdiyimiz irəliləyişləri, qarşıda duran yeni prioritetləri və üzləşdiyimiz problemləri əsas götürərək, növbəti illər üçün baxışlarımızı hərtərəfli formalaşdırmaq məqsədilə sizinlə birlikdə işləyəcəyimizi səbirsizliklə gözləyirik və sizin davamlı dəstəyinizə və əməkdaşlığınıza ümid edirik” deyib UNİCEF-in ölkəmizdəki nümayəndəliyinin rəhbəri.